SİYASƏT


Gəncədə Rəbiyyət Aslanovanın “Müasir dövlət və dövlətşünaslıq elmi” kitabının təqdimatı olmuşdur

Gəncə, 19 dekabr (AZƏRTAC). Gəncə Şəhər İcra Hakimiyyətində tanınmış alim, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın “Müasir dövlət və dövlətşünaslıq elmi” kitabının təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, şəhər ziyalılarının iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanın ictimai-siyasi reallıqlarını özündə əks etdirməklə cəmiyyətimizdə gedən proseslərin elmi təhlilini verən kitabın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Rəbiyyət Aslanovanın müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş “Müasir dövlət və dövlətşünaslıq elmi” kitabı hüquqi, demokratik dövlət quruculuğunda uğurlar qazanan Azərbaycanın keçdiyi çətin və şərəfli yolu, ulu öndər Heydər Əliyevin milli ideologiyasının, azərbaycançılıq fəlsəfəsinin təməl prinsiplərinə əsaslanaraq, inandırıcı formada yazıldığı üçün oxucularda böyük maraq oyadacaqdır. Təqdirəlayiq haldır ki, kitabda, həmçinin görkəmli tarixçilərin, filosofların dövlətçilik prinsiplərinə baxışları da yer almış, onların elmi əsərlərinə istinad edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Regional Elmi Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov, Gəncə Dövlət Universitetinin professorları Həsənbala Sadıqov və Sevda Qurbanəliyeva, universitetin müəllimi Pərvin Kərimzadə, 10 nömrəli orta məktəbin direktoru Mahmud Mahmudzadə, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Əli Hüseynli, parlamentin deputatları Qənirə Paşayeva, Fazil Mustafa, İlham Məmmədov və başqaları çıxış edərək xalqımızın siyasi, maddi-mənəvi, ideoloji təşkilatlanmasının zirvəsi olan müstəqil dövlətçiliyimizin keçdiyi şərəfli yolun tarixi əhəmiyyəti, mahiyyəti və mənası ilə bağlı düşüncələrin yer aldığı kitabın əhəmiyyətindən danışmışlar. Yeni nəşrin nəinki indiki, eyni zamanda gələcək nəsillər üçün qiymətli elmi mənbə olduğunu qeyd etmişlər.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi redaktoru olduğu bu sanballı tədqiqat əsərində son 20 ildə dövlətimizin keçdiyi milli quruculuq yoluna, müstəqilliyimizin dönməzliyini təmin edən ümummilli lider Heydər Əliyevin siyasi irsinin ardıcıl davamına və yeni yüzillikdə inkişaf perspektivlərinə nəzər salınmış, bu irsin sütunlarında olan milli ideya, milli kimlik, mədəni özünəməxsusluq, elmin və mədəniyyətin inkişafı, demokratik, hüquqi dövlət quruculuğu məsələləri geniş yer almışdır.

Natiqlər bildirmişlər ki, əldə edilən ən başlıca qənaətlərdən biri də budur ki, Azərbaycanın son 20 il ərzində keçdiyi yol nəinki xalqımız üçün misilsiz bir tarixi zəfər, eyni zamanda dövlətşünaslıq və siyasi idarəetmə elminin nəzəri və təcrübi böhran yaşadığı müasir dünyada həm milli quruculuğun təcrübəsini, həm də dövlətçilik və siyasi lider fenomeninə dair elmi-politoloji nəzəriyyələrin məzmun və mahiyyətcə zənginləşdirilməsi baxımından əhəmiyyətli bir hadisədir.

Təqdimat mərasimində çıxış edən Rəbiyyət Aslanova son 20 illik həyat təcrübəsi və müşahidələri əsasında, eləcə də gərgin elmi axtarışlar sayəsində ərsəyə gətirdiyi bu kitab haqqında yüksək fikirlər söyləyən və ona böyük dəyər verən Gəncə ziyalılarına, həmçinin həmkarlarına dərin minnətdarlığını bildirmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.