REGİONLAR
Gəncədə “Regionlarda uronefroloji xidmətin təkmilləşdirilməsi”nə dair müzakirələr aparılıb
Gəncə, 1 iyul, E.Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Regionlarda uronefroloji xidmətin təkmilləşdirilməsi”nə dair tədbir keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin təşkilatçılığı ilə reallaşan tədbirin keçirilməsində məqsəd regionlarda uronefroloji xidmətin mövcud vəziyyətinin qiymətləndirilməsi, keyfiyyətin yüksəldilməsi və əhaliyə əlçatan tibbi xidmətlərin təmin edilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Abbas Səhhət adına xəstəxanada olublar. Orada hemodializ şöbəsinin fəaliyyəti ilə tanışlıq olub, nefroloji və uroloji xəstələrə göstərilən tibbi xidmətin ümumi dəyərləndirilməsi aparılıb. O cümlədən ağır tematik xəstələrə baxış keçirilib, onların vəziyyəti müzakirə olunub.
Sonra Gəncə Şəhər Birləşmiş Xəstəxananın nəzdində olan stasionar tibb müəssisələrində və Gəncə TƏB üzrə ətraf regionlarda fəaliyyət göstərən (Daşkəsən, Göygöl, Samux, Goranboy, Şəmkir) uroloq və nefroloqların iştirakı ilə “Regionlarda Uronefroloji xidmətin təkmilləşdirilməsi” mövzusunda iclas keçirilib.
Tibbi fəaliyyətin təşkili departamentinin Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov iclası açaraq, müzakirə olunacaq məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev məruzə ilə çıxış edib, respublikada nefroloji xidmətin mövcud vəziyyəti barədə danışıb.
Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Nicat Kərimov isə çıxışında uroloji və nefroloji patologiyaları olan xəstələrə ümumi yanaşmadan söz açıb.
Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ şöbəsinin müdiri Mirhaşim Cəlalov isə hemodializ yardımının təşkilindən bəhs edib.
HB Güvən Klinikasının uşaq nefroloqu Zaur Əhmədov aktual mövzulardan olan hematuriyalı və proteinuriyalı uşaqlara yanaşma mövzusunda danışıb.
Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Samirə Xəlilova isə çıxış edərək xroniki böyrək xəstəliyində şəkərli diabetin aşkar olunmasından, müayinə və müalicə yollarından söz açıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.