SİYASƏT
Gəncədə Şah Abbas Məscidinin axundu: Şəhərimizdə cinayət törədənlərin dinimizə aidiyyəti yoxdur
Bakı, 13 iyul, AZƏRTAC
Gəncədə bir qrup təxribatçının hərəkətləri vətəndaşlarımızın hiddətinə səbəb olub. Təxribatçılar Azərbaycandakı sabitliyi pozmağa çalışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Gəncədəki Şah Abbas Məscidinin axundu hacı Rahil İsmayılov bildirib.
Axund qeyd edib ki, bu cür cinayətkar hərəkətlər İslamdan uzaqdır. Yalnız müəyyən qruplar var ki, din pərdəsi altında öz təxribatçı əməllərini həyata keçirməyə çalışırlar. Onların yalnız bir niyyəti var - ölkəmizdə aranı qatmaq, dövlətimizə zərbə vurmaq.
Şah Abbas Məscidinin axundu, həmçinin əlavə edib ki, Azərbaycanın hər bir yerində olduğu kimi, Gəncə dindarları da daim dövlətimizdən qayğı görüb, şəhərimizdəki məscidlər, dini məbədlər yenidən qurularaq dindarların istifadəsinə verilib.
Biz dindarlar daim dövlətimizin və Prezidentimizin yanındayıq. Bizim birliyimizi heç bir qüvvə poza bilməz.