REGİONLAR
Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək layihəsi müzakirə olunub
Gəncə, 28 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində monitorinq qrupunun üzvləri Nizami yurduna gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinq qrupuna BMT-nin İnkişaf Proqramı, Avropa Təlim Fondu, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri daxildir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov monitorinq qrupunun üzvləri ilə görüşüb.
Məlumat verilib ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra edilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Avropa Təlim Fondunun monitorinq missiyasının əsas məqsədi qrant strukturu çərçivəsindəki tərəqqini nəzərdən keçirmək, potensial boşluqları müəyyən etmək, layihənin davamlı inkişafı üçün tövsiyələr verməkdir.
Peşə təhsilinin gücləndirilməsinə töhfə verən bu layihənin müsbət qarşılandığını deyən Niyazi Bayramov qeyd edib ki, layihə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsi baxımından da önəmlidir.
Qeyd edək ki, ümumi dəyəri 3,4 milyon ABŞ dolları olan və Azərbaycanın iki bölgəsi – Gəncə və Cəlilabadda texniki peşə təhsili və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ilədək davam edəcək.