REGİONLAR
Gəncədə Ulu Öndərin 100 illiyinə həsr edilən kütləvi qaçış tədbirində 200 idmançı iştirak edib






Gəncə, 29 may, E. Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin dəstəyi, Race.az komandasının və Baku Marafon Klubunun tərəfdaşlığı ilə baş tutan yarışda 200 nəfərə yaxın iştirakçı mübarizə aparıb.
Açılış mərasimində çıxış edən federasiyanın prezidenti Cavid Qurbanov belə tədbirlərin ölkəmizdə atletika idman növünün kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Ümumilikdə 11 kilometr məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdən Toğrul Məmmədli, qadınlardan isə Anna Yusubova qalib adını qazanıb. Qırx yaşdan yuxarı kişilər arasında Ceynur Əhmədov, qadınların mübarizəsində isə Leyla Abdinova finişə birinci gəliblər. Əlli yaşdan yuxarı iştirakçılar arasında Yadigar Hüseynov və Alyona Süleymanova bütün rəqiblərini qabaqlayıblar. Yaşı 60-dan çox olan idmançılar arasında Tapdıq Dadaşov fərqlənib. Region iştirakçıları isə 6 kilometr məsafəyə qaçışda mübarizə aparıblar. Burada Gəncə təmsilçiləri Səməd Əhmədov və Fidan Yusifova baş mükafata sahib çıxıblar.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.