REGİONLAR
Gəncədə “Vaqif şeirimizin şah misrasıdır” mövzusunda ədəbi-bədii gecə keçirilib
Gəncə, 20 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi münasibətilə “Vaqif şeirimizin şah misrasıdır” mövzusunda ədəbi-bədii gecə keçirib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri və tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, Şuşa Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də canlıdır. 29 illik həsrətdən sonra Vaqifin nakam ruhu Şuşada, Cıdır düzündə yenidən pərvazlanır.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli çıxış edərək bildirib ki, Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr “Şuşa İli” çərçivəsində silsilə tədbirləri davam etdirir. Molla Pənah Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib, yubileyləri keçirilib. Hələ keçən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev Qarabağa, xüsusilə Şuşaya səfərləri zamanı Molla Pənah Vaqifin məqbərəsinin yaradılması ilə bağlı göstəriş verib. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub.
Sonra Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verilib.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bayram Apoyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynova, şairə Aləmzər Əlizadə, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın ədəbiyyat və mədəniyyət salnaməsində adı Şuşa ilə qoşa çəkilən görkəmli şəxsiyyətlərimiz arasında dahi şair və dövlət xadimi Molla Pənah Vaqifin xüsusi yeri var. Vaqif öz ənənələri ilə seçilən xalq şeirində ədəbi məktəb yaratmış ölməz sənətkardır.
Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin şagirdləri tarix müəllimi Zinyət Süleymanovanın təşkilatçılığı ilə hazırlanan “Qaranlıq dünyaya zinət olan Vaqif ömrü” adlı bədii kompozisiya ilə çıxış ediblər.