REGİONLAR
Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Gəncə, 4 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dekabrın 4-də respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncədə də canlarını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, insanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, səs siqnalları verilib.
Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarıbülbül”dür.
Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.
Bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcək.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.
Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.