CƏMİYYƏT
Gəncədə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində təlim keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Gəncə Dövlət Universitetində “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən fəal gənc Samir Pənəliyev müəllifi olduğu layihə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, eləcə də İsmayıllı rayonunda yaşayan yeniyetmə və gənclər üçün təlimlər təşkil olunub. Təlimlərin məqsədi Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyətini və vətənpərvərliyi təbliğ etmək, yeniyetmə və gənclərə dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı aşılamaqdır.
Çıxışlarda dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində növbəti mühüm addım olduğu bildirilib. Qeyd olunub ki, Dövlət Proqramının məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, həmçinin gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir İKT-dən səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Təlimçi Pərvin Qasımov iştirakçıların diqqətinə çatdırıb ki, hər bir gənc vətənpərvər olmalı, öz bilik və bacarıqlarından istifadə edərək ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ etməli, bu istiqamətdə səylərini əsirgəməməlidir. Bu baxımdan informasiya texnologiyalarının inkişafı dövründə məhz gənclərin üzərinə böyük məsuliyyət düşür. Bildirilib ki, gənclərimiz bunun üçün Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri haqqında məlumatlı olmalı və bu biliklərindən istifadə edərək ölkəmizə bağlı həqiqətləri fəal və geniş təbliğ etməlidirlər.