REGİONLAR
Gəncədə “Wonderland Azərbaycan-2016” Beynəlxalq Skaut Düşərgəsi təşkil olunub VİDEO
Gəncə, 19 iyul, AZƏRTAC
Gəncənin Hacıkənd qəsəbəsində “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Wonderland Azərbaycan-2016” Beynəlxalq Skaut Düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səkkiz günlük beynəlxalq düşərgəyə Azərbaycanın müxtəlif rayonlarından və dünyanın 10 ölkəsindən 300 nəfərdən çox iştirakçı qatılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Beynəlxalq Skaut Düşərgəsinin açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olub.
Açılış mərasimində Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı ölkədə təşkil olunan ilk skaut düşərgələrinin tarixi haqqında məlumat verərək bildirib ki, ilk “Wonderland” adlı beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şəkidə təşkil olunub və ənənəvi illik skaut düşərgəsinə çevrilib. 2014-cü ildə dünyanın bütün qitələrindən skautlar Azərbaycanın cənubunda toplanıb. 2015-ci ildə isə Gədəbəy rayonu ərazisində xarici skautların da iştirakı ilə 230 nəfərlik düşərgə təşkil olunub.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Vurğulayıb ki, Gəncə bu il üçün “Avropanın Gənclər Paytaxtı” seçilib və layihə çərçivəsində ilin sonuna kimi daha 200 tədbir təşkil olunacaq. Cari ilin sentyabr-oktyabr aylarında şəhərdə Avropanın Gənclər Festivalı keçiriləcək. Bundan başqa, Avropanın Gənclər Mükafatının da təqdimatı olacaq. Avropa Gənclər Forumunun baş katibi və böyük tərkibdə qonaqların festivala qatılacağını deyən Elmar Vəliyev, düşərgə iştirakçılarını da festivala dəvət edib.
Sonra skaut düşərgəsinin müxtəlif yaş qrupuna aid iştirakçıları düşərgəyə qatılmaqla dünya görüşlərini artırdıqlarını, çadır qurmağı və sair bacarıqlara yiyələndiklərini bildiriblər.
Qeyd edək ki, "Wonderland Azərbaycan-2016" Beynəlxalq Skaut Düşərgəsində respublikamızın bir çox bölgəsindən - Bakı, Biləsuvar, Şəki, Qax, Şəmkir, Gəncə, Göygöldən və Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Sloveniya, Polşa, Belarus, Seyşel, Misir, Ukrayna və Bəhreyndən həm iştirakçılar, həm də işçi heyət üzvləri iştirak edir.
Düşərgədə fəaliyyətlər yaş qruplarına uyğun olaraq əvvəlcədən planlaşdırılmış proqram üzrə həyata keçirilir. İştirakçılar proqram üzrə günə səhər idmanı ilə başlayırlar. Daha sonra gün ərzində onlar müxtəlif proqram modullarında iştirak edirlər. Bu proqram modullarında iştirakçılar müxtəlif həyati bilik və bacarıqları əldə etməklə yanaşı psixoloji, əyləncəli və intellektual oyun və yarışlarda iştirak edirlər. Bunun nəticəsində onlar liderlik, nizam-intizamlılıq, özünü ifadə və vətənpərvərlik kimi keyfiyyətləri əldə etmiş olurlar.