REGİONLAR
Gəncədə XVII əsrin möhtəşəm memarlıq əsəri – “Çökək hamam”
Gəncə, 25 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərinin mərkəzində yerləşən “Çökək hamam” 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Hamam Səfəvi Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona “Şah Abbas hamamı” da deyirlər.
Tarixçi Azad Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hamamın “çökək” adlandırılması onun quruluşundan irəli gəlir. Belə ki, suyun təzyiqini təmin etmək üçün onu çökəkdə inşa ediblər.
“Hamam odunla qızdırılıb. Zirzəmidə iki buxar qazanı yerləşir. Su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan supaylayıcıdan götürülür, hamamın divarlarında və döşəməsində quraşdırılan keramik borularla qızdırıldıqdan sonra, onun buxarı zallara ötürülüb. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırıb. Beləliklə, həm zallar, həm də hamamın divarları isinir”, - deyə A.Bayramov bildirib.
Hamamın tikintisində o zamanın ənənəvi materialları - qırmızı kərpic, yumurta ağı və gil-əhəng istifadə edilib. “Çökək hamam”ın iki böyük və bir kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib. Onlardan ventilyasiya boruları divarların içərisindəki hamama doğru ayrılır. Qışda burada isti, yayda isə sərin olub.
Hamam iç-içə iki zaldan ibarətdir. Mərkəzində hovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Hamamın bir giriş qapısı və tunelə oxşar yolu mövcuddur. Çökək hamam bayır hissədən soyunub-geyinmə, içəridən isə yuyunma otağından ibarətdir.
2002-ci ildən “Çökək hamam” beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və UNESCO tərəfindən mühafizə olunur. 2003-cü ildə hamamda bərpa işləri aparılıb.