REGİONLAR


Gəncədə Yaşıl Şəhər Fəaliyyət Planı üzrə ilkin qiymətləndirmə hesabatı təqdim olunub

Gəncə, 29 mart, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə Yaşıl Şəhər Fəaliyyət Planı (YŞFP) ilə bağlı növbəti müzakirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev görüşdə çıxış edərək, Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, məhz Gəncə şəhərinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşıl şəhərlər" proqramına qoşulduğunu bildirib. Qeyd edib ki, AYİB-in “Yaşıl şəhərlər” proqramı çərçivəsində icra olunacaq layihələr Gəncə şəhərində ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etməkdə və prioritetləşdirməkdə kömək edəcək.

Sonra Gəncə YŞFP üzrə komanda rəhbəri Jon Barber Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib, ilkin qiymətləndirmə hesabatını təqdim edib.

Daha sonra təklif olunan strateji baxış və hədəflər, eyni zamanda, fəaliyyətlər siyahısı nəzərdən keçirilib.

Bildirilib ki, Gəncə YŞFP üzrə strateji baxış 15 illik zamanı əhatə edir. Bu dövrdə Gəncədə çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq və ekoloji problemləri həll etməklə sənaye potensialını inkişaf etdirmək imkanı əldə olunacaq. YŞFP yüksək keyfiyyətli və mükəmməl şəkildə əlaqələndirilmiş yaşıl ərazilərin salınmasına, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xətləri infrastrukturunun yaradılmasına, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi ictimai xidmətlərin yaxşılaşdırılmasına töhfə verəcək.

Görüş ekspert qrupunun üzvlərinin və maraqlı tərəflərin iştirakı ilə keçirilən tematik sessiyalarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.