REGİONLAR
Gəncədə anod istehsalı və elektrolid zavodları inşa ediləcək
Gəncə, 10 fevral, Rauf Hacıyev, AZƏRTAC
Respublikada əlvan metallurgiya sənayesinin inkişafında böyük rola malik “DETAL Alüminium” MMC-də bu il istehsalın genişləndirilməsi ilə əlaqədar olaraq Anod İstehsalı və II Faza Elektrolid zavodları inşa ediləcək, yeni istehsal xətləri istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə şəhərində keçirilən ötən ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
İstehsal müəssisəsinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri haqqında danışan “DETAL Alüminium” MMC-nin baş direktoru Sərxan Babayev bildirib ki, 1400 nəfər işçinin çalışdığı zavodda ilkin alüminium və alüminium məhsulundan hazırlanan müxtəlif məhsullar istehsal olunur. “Made in Azerbaijan” brendi altında hazırlanan yarımfabrikat və son məhsullar dünyanın 17-dən çox qabaqcıl ölkəsinə ixrac edilir.
Hazırda dünya bazarında bu məhsulların satışı üzrə kəskin rəqabətin olduğunu deyən Sərxan Babayev qeyd edib ki, müəssisədə yüksək texnologiyaların tətbiqi və iş prinsipinin təkmilləşdirilməsi zavodun məhsullarına Avropa ölkələrində tələbatı artırıb.
Məhsullarının Avropa və İSO standartlarına uyğun olduğunu deyən Baş direktor vurğulayıb ki, müəssisənin bu sahədə tələb olunan bütün beynəlxalq marka və sertifikatlara sahib olması onların dünyada aparıcı şirkətlərlə uğurla rəqabət apara bilmələrini təmin edib.