CƏMİYYƏT
Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkarlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 59 ünvanında fiziki şəxs Qədimov Kamran Habil oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.