CƏMİYYƏT


Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlanıb

Bakı, 22 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu, “Gülazar” əmtəə nişanlı limonad sexində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkarlanıb. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.