REGİONLAR
Gəncədə aztəminatlı ailələrə və tənha ahıl şəxslərə ərzaq yardımı göstərilir
Gəncə, 7 aprel, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə əsasən, yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, Gəncədə tənha yaşayan ahıl şəxslərə yardım edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələri nəzərə alınaraq həyata keçirilib. Aksiyadan aztəminatlı ailələr də faydalanıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər. Onlar Böyük Vətən müharibəsi iştirakçıları 98 yaşlı Tofiq Hüseynov və 96 yaşlı Bəylər Verdiyevin evində olublar. Onlarla maarifləndirici söhbət aparan şəhər icra hakimiyyətinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarını bir daha xatırladıb, bu qaydalara əməl olunmasının vacibliyini diqqətə çatdırıblar. Həmçinin bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Tək yaşamasına baxmayaraq hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Tofiq Hüseynov göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib. 98 yaşlı Böyük Vətən müharibəsi iştirakçısı əhalini xüsusi karantin rejimi qaydalarına əməl etməyə və evdə qalmağa çağırıb.
Birinci qrup əlil olan Bəylər Verdiyev də öz növbəsində qayğıya görə təşəkkürünü ifadə edib. O qeyd edib ki, bu gün koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Vətəndaşlar da öz növbələrində daha məsuliyyətli olmalı, xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən, ümumilikdə, 110-na yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı tənha ahıl vətəndaşa ərzaq yardımı edilib.