REGİONLAR
Gəncədə çoxmərtəbəli yaşayış binalarının təmir və tikintisi sürətlə davam etdirilir
Gəncə, 31 iyul, AZƏRTAC
Gəncədə 2016-cı ilin birinci yarısında şəhərin müxtəlif hissələrində yerləşən 18 ictimai yaşayış binası əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, eyni zamanda şəhərin ayrı-ayrı prospekt və küçələrində yerləşən 17 binanın fasadında 10 min kvadratmetrə yaxın ağlay üzləmə işləri aparılıb.
Təmir olunan bütün binaların fasad hissəsində suvaq və rəngsazlıq işləri görülüb, ağlay üzlük elementlərindən istifadə olunub, eyvanlar isə təmir edilib. Yeni Gəncə yaşayış massivində yerləşən 2 yaşayış binasının isə dam örtüyü yenilənib.
Hazırda şəhərin Atatürk prospektində 4 beşmərtəbəli, 4 də yeddimərtəbəli binanın inşası davam etdirilir. Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində ayrılmış 0,5 hektar torpaq sahəsində keçmiş Toxuculuq Kombinatının yataqxanalarında məskunlaşan sakinlər üçün 3 doqquzmərtəbəli bina, 1 onmərtəbəli bina, ümumilikdə isə 249 mənzilli çoxmərtəbəli yaşayış binalarında tikinti işləri sürətlə davam etdirilir.