REGİONLAR
Gəncədə cüdo üzrə 4-cü “Yaponiya səfiri” kuboku uğrunda yarış keçirilib
Gəncə, 13 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Təhsil” Respublika İdman Mərkəzində cüdo üzrə 4-cü “Yaponiya səfiri” kuboku uğrunda yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən səfir Teruyuki Katori yarışın təşkilində əsas məqsədin güclü idmançıların aşkarlanması və Gəncə şəhərində cüdoya marağın artırılmasından ibarət olduğunu deyib. Bildirilib ki, yarışın keçirildiyi Gəncə “Təhsil” Respublika İdman Mərkəzinin cüdo və ağır atletika idman zalı 2014-cü ildə Yaponiyanın “Mədəniyyət üzrə ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində “Gəncə Şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsi əsasında təmir olunub. Köhnəlmiş infrastruktur və avadanlıqların yenilənməsi sayəsində funksionallıq artırılıb və bununla da ölkənin qərb bölgəsində idmanın təbliğinə nail olunub.
Vurğulanıb ki, son illərdə 150 nəfərdən artıq yeniyetmə bu zaldan istifadə edib. Onların arasında Gəncə şəhəri və Azərbaycan üzrə, eyni zamanda, Avropa yarışlarında uğurlu nəticələr göstərmiş bir çox yetirmələr var. Yeniyetmələr arasında Avropa çempionatının qalibi Ayxan Tanrıverdiyev, cüdo üzrə Azərbaycan birinciliyinin qalibi Turan Bayramov, Azərbaycan çempionatının qalibləri Xumar Əsədova və Könül Əliyeva kimi gənclər sayəsində Gəncə şəhərində idmanın təbliği uğurla davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Vəfa Abbasova artıq 4-cü dəfə keçirilən bu yarışın yeniyetmələrin sağlam həyat tərzi sürməsində, istedadlı idmançıların üzə çıxarılmasında rolundan danışıb.
Çıxışlardan sonra cüdo üzrə 4-cü “Yaponiya səfiri” kuboku yarışına start verilib. Yarış Gəncədə cüdo ilə məşğul olan 8-15 yaşlı oğlan və qızlardan ibarət müxtəlif çəki dərəcələri üzrə qruplar arasında keçirilib.
Qaliblərə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən diplomlar təqdim olunub.