İDMAN


Gəncədə cüdo üzrə ustad dərsi təşkil olunub

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycanda cüdonun 50 illiyi ilə bağlı tədbirlər çərçivəsində Gəncədə ustad dərsi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildiriblər ki, ACF, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi tədbirdə geniş ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Tədbirin açılışında federasiyanın baş katibi Rəşad Rəsullu bildirib ki, Azərbaycanda cüdonun kütləviləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək ACF-in əsas məqsədlərindən biridir. Baş katib qeyd edib ki, bu idman növü təkcə döyüş sənəti deyil, həm də dərin fəlsəfəyə malikdir, uşaqların mənəvi və fiziki inkişafında müsbət rol oynayır. R.Rəsullu Gəncə şəhərində ACF tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verib.

Daha sonra ustad dərsi çərçivəsində ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, kişilərdən ibarət yığmanın böyük məşqçisi, Olimpiya Oyunlarının mükafatçısı Mövlud Mirəliyev, yeniyetmələrdən ibarət millinin məşqçisi, gənclər arasında dünya çempionu Nicat Şıxəlizadə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Gəncə sakinlərinə nümayiş etdiriblər. Onlar cüdonun fəlsəfəsi, mahiyyəti, kəmər bağlamaq qaydaları haqqında ustad dərsi iştirakçılarına məlumat veriblər. Maraq göstərən Gəncə sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət edilib və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və nəticədə qalib gələn şəxslərə cüdo dərslərinə 1 illik pulsuz abonement və digər hədiyyələr təqdim olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər nümayəndələr, həmçinin Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov da iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası ölkəmizdə cüdonun 50 illiyi ilə bağlı tədbirlər çərçivəsində ölkəmizin digər şəhər və regionlarında da analoji tədbirlərin təşkil edilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.