REGİONLAR
Gəncədə əlil qadınlar üçün treninq
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil qadınlar üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq təşkil olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, treninqin məqsədi əlil qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə və əlillərin məşğulluğunun təmin edilməsi işinin gücləndirilməsinə kömək etməkdir.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar olub, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Treninq Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.