CƏBHƏ XƏBƏRLƏRİ


Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüş VİDEO

Gəncə, 21 oktyabr, M.Əlioğlu, foto T.Babayev, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub, dağılmış evlərə və mülki obyektlərə baxıb.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüblər.

Sakinlərlə görüşən Baş Nazirin müavini bildirib ki, dağılan evlər yenidən qurulacaq. Prezident İlham Əliyev bununla bağlı bütün tapşırıqları verib.

“Ermənilər dinc sakinlərə, uşaqlara, yuxuda olan insanlara atəş açırlar. Bu, insanlığa qarşı cinayətdir. Düşmən bir daha öz qatil simasını göstərdi. Azərbaycan dövləti düşmənin hər bir təxribatına layiqincə cavab verir. Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xain hücumun əvəzini döyüş meydanında çıxır. Azərbaycan əsgəri qadına, uşağa, qocaya əl qaldırmır, bundan sonra da qaldırmayacaq. Gəncə hadisələrini törədən Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onlar bu xain hərəkətlərinin ağır nəticələrini görürlər və görəcəklər. Onlar Azərbaycan xalqının və Ordusunun ən ağır cəzasını alacaqlar”, - deyə o qeyd edib.

Görüşdə vurğulanıb ki, Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara Yeni Azərbaycan Partiyası tərəfindən təqaüd veriləcək.

Xatırladaq ki, ermənilərin Gəncədə törətdiyi sonuncu terror oktyabrın 17-də olub. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 50-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi faciə zamanı isə Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanmışdı.

Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.