CƏMİYYƏT
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıblar
Bakı, 23 noyabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq Tovuz rayonuna getməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A.Abdullayeva yaşadığı evə göndərilib, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Ramil Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edərək mağazaya getməsini və beləliklə digər şəhər sakinlərinin sağlamlığını ciddi təhlükəyə atmasını müəyyənləşdiriblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib. Onun barəsində rayon polis idarəsinin təhqiqat bölməsində araşdırma aparılır.
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində daha bir şəhər sakini Mehman Nəcəfovun yaşadığı ünvanı tərk etməsi, dostları ilə yaxın təmasda olması və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkarlanıb. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib. M.Nəcəfov barədə toplanan materiallar araşdırılması üçün Kəpəz Rayon Polis İdarəsinin təhqiqat bölməsinə göndərilib.