CƏMİYYƏT


Gəncədə gənclər üçün yeni imkanlar yaradılır

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Gəncədəki Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb

Bakı, 20 fevral, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Gəncə şəhərindəki Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb.

GİKM-dən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Gənclər Fondunun icraçı direktoru, deputatlar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və gəncəli gənclər iştirak ediblər. Həmçinin 300-ə yaxın gənc isə açılış tədbirini onlayn izləyib.

Gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra tədbir iştirakçılarına GİKM haqqında təqdimat keçirilib. Açılış tədbirində çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan şəraitdən danışıb, gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Daha sonra Gənclər Fondunun icraçı direktoru, gənc deputatlar tədbir iştirakçıları ilə ünsiyyətdə olub, onları maraqlandıran suallara cavab veriblər. Tədbir istedadlı yerli gənclər tərəfindən musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.

Gəncə gəncləri, həmçinin “Gənc könüllü” proqramına qoşulmağa dəvət olunublar.

Artıq 33 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu il ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.