REGİONLAR
Gəncədə genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir
Gəncə, 22 iyun, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə də tətbiq olunan iki həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir.
COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunub. Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” park-bulvar kompleksi, Xan bağı, N.Nərimanov və M.Füzuli parklarının ərazisi xüsusi kimyəvi məhlulla yuyulub. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.