REGİONLAR
Gəncədə görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü qeyd edilib
Gəncə, 26 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü münasibətilə görkəmli elm xadiminin Gəncədəki ev-muzeyində tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev və şəhər ziyalıları iştirak ediblər.
Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, bu böyük ədibin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olduğunu təsdiqləyən nümunələrdir.
Sonra professor İbrahim Quliyev Mir Cəlal Paşayevin həyat yolu barədə məlumat verib.
Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri musiqi proqramı ilə çıxış edib.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında “Mir Cəlal” ədəbi–bədii kompozisiyası nümayiş olunub.