REGİONLAR
Gəncədə ictimai nəqliyyat ilin sonunadək kartla ödəniş sisteminə keçəcək REPORTAJ
Müasir tələblərə cavab verməyən avtobuslar yenilənəcək
Gəncə, 17 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Şəhər infrastrukturunun vacib elementlərindən biri də sərnişindaşımanın düzgün təşkili, müasir avtobusların istifadəyə verilməsi və xidmət keyfiyyətinin artırılmasıdır. İctimai nəqliyyat elə bir vasitədir ki, şəhər sakinlərinin əksəriyyəti onun xidmətindən gündəlik istifadə edir. Mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən hər bir vətəndaşın isə istəyi budur ki, mənzil başına tez, rahat və təhlükəsiz çatsın.
Bəs, ölkəmizin böyük şəhərlərindən olan Gəncənin ictimai nəqliyyat sistemində sərnişindaşıma ilə bağlı vəziyyət nə yerdədir? AZƏRTAC-ın bölgə müxbiri Gəncənin avtobus parkında vəziyyəti araşdırıb. Məlum olub ki, hazırda Gəncədə sərnişindaşımaya 32 xətt üzrə 230 ədəd mikroavtobus və avtobus cəlb edilib. Yeddi daşıyıcı şirkət tərəfindən göstərilən bu xidmətlər heç də müasir tələblərə cavab vermir.
Hər il yüz minlərlə turistin səfər etdiyi Gəncədə sərnişin daşımada əsasən “QAZel” markalı mikroavtobuslardan istifadə olunur. Əslində, ictimai nəqliyyatda sərnişinlərin daşınması üçün nəzərdə tutulmayan bu avtomobillərin demək olar ki, hamısı istismar müddətini çoxdan başa vurub. Gəncədə gün ərzində 30-a yaxın bu cür mikroavtobus xəttə buraxılır. Bu avtonəqliyyat vasitələrindən istifadə isə həm sakinlər, həm də sürücülər üçün çətinliklər yaradır.
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası Ruslan Paşayev bildirib ki, avtobus təsərrüfatının yenilənməsi ilə bağlı daşıyıcı şirkətlərə ciddi tələb qoyulub. Bu tələblərdən biri də kiçiktutumlu marşrut xətlərinin aidiyyəti üzrə orta və daha böyük nəqliyyat vasitələri ilə əvəz olunmasıdır. Ruslan Paşayevin sözlərinə görə, daşıyıcı şirkətlər bu ayın sonuna qədər yararsız nəqliyyat vasitələrini tam müasir nəqliyyat vasitələri ilə əvəz edəcəklər.
Şəhərdə avtobus təsərrüfatı ilə yanaşı, sərnişindaşımanın təşkili də müasir tələblərə cavab vermir. Ruslan Paşayevin sözlərinə görə, yeni nəqliyyat vasitələri gətirildikdən sonra bu problem də həll olunacaq.
İctimai nəqliyyatda kart sisteminin tətbiqi insanların rahatlığı və ödəmə zamanı yaranan sıxıntıların aradan qalxması üçün uğurlu addımdır. Məlum olduğu kimi, neçə ildir ki, bu sistem paytaxtda tətbiq edilir və sərnişinlər də razılıqlarını bildirirlər. Kartla ödəniş sisteminin Gəncədə də tətbiqi günün tələbidir. Bununla bağlı nə kimi işlər görülür? Bu barədə də sualımızı cavablandıran Ruslan Paşayev qeyd edib ki, Gəncədə ictimai nəqliyyatda kartla ödəniş sisteminə ilin sonuna qədər keçmək planlaşdırılır.
Onun sözlərinə görə, orta və iritutumlu yeni nəqliyyat vasitələri gətirildikdən sonra sürücülər vahid geyim forması ilə də təmin olunacaqlar.