REGİONLAR
Gəncədə işə başlayan beynəlxalq konfransda aqrar elmin inkişaf istiqamətləri müzakirə olunur VİDEO
Gəncə, 23 oktyabr, Sabir Əliyev, AZƏRTAC
Oktyabrın 23-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Dünyanın 16 ölkəsindən 73 alim və tədqiqatçının iştirak etdiyi beynəlxalq konfransı Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açıb. İ.Cəfərov konfransın əhəmiyyətindən, eləcə də Azərbaycanda yeganə kənd təsərrüfatı kadrları hazırlayan bu ali təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin universitet alimlərinin elmi-yaradıcı işlərinin bəhrələrindən danışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva aqrar elmin və təhsilin aktual problemlərinin müzakirə olunacağı konfransın önəmini vurğulayıb, eyni zamanda, qonaqların qədim Nizami yurdu ilə tanış olmaq imkanı əldə etdiklərini diqqətə çatdırıb.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar cari ilin yanvar ayında imzalanan Sərəncamdan sonra bu sahədə qazanılan uğurlar barədə məlumat verib.
Sonra Azərbaycan, ABŞ, Polşa, Rusiya, Ukrayna, Türkiyə, Fransa, Sloveniya ali təhsil ocaqlarının təmsilçiləri aqrar elmin və təhsilin innovativ inkişafına dair aktual məruzələrlə çıxış ediblər. Çıxışlarda dünyada ərzaq təhlükəsizliyi problemləri və onun həlli yolları, açıq və örtülü torpaq tərəvəzçiliyində qabaqcıl texnologiyaların tətbiqi, inteqrir bitki mühafizəsi, zərərverən orqanizmlərə qarşı mübarizədə pestisidlərin idarə edilməsi, dayanıqlı kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və ekoloji problemlər, baytar-sanitar tədbirləri, heyvandarlığın və quşçuluğun aktual problemləri ilə bağlı fikirlər səsləndirilib.
Beynəlxalq konfrans iki gün davam edəcək.