CƏMİYYƏT
Gəncədə istehlaka yararsız ət aşkarlanıb
Bakı, 24 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları Gəncə şəhəri, Z.Əliyeva küçəsində fiziki şəxs Məmmədov Kamran Sədir oğluna məxsus ət məhsullarının satışı məntəqəsinə baxış keçirilib.
Baxış zamanı baytarlıq-sanitariya ekspertizasından keçməyən, kəskin qoxuya malik, qaralmış, ümumi çəkisi 152 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb və satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labaratoriyalarına təqdim edilib.
Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.