REGİONLAR
Gəncədə istiqlal şairi Əhməd Cavadın barelyefi açılıb
Gəncə, 15 oktyabr, E.Məmmədov, AZƏRTAC
Gəncədə böyük istiqlal şairi, tərcüməçi, professor Əhməd Cavadın yaşadığı evin üzərindəki barelyefin açılış mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim sözləri dahi şair Əhməd Cavada aid olan Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra barelyefin üzərindəki ağ örpək götürülüb, önünə tər güllər düzülüb.
Mərasimdə çıxış edənlər şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən, o cümlədən şairin Gəncəyə olan bağlılığında söz açıblar. Bildirilib ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub.
Repressiya qurbanı olan Əhməd Cavad 1937-ci il iyunun 4-də həbs edilib, oktyabrın 12-dən 13-nə keçən gecə Bakıda güllələnib.
Çıxışlardan sonra Əhməd Cavadın nəticəsi Cavad Axundzadə və şairin kötücəsi Nərgiz Əhmədqızı barelyefin açılışında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Şairin müəllifi olduğu “Gəncəm, hey!..” şeiri və ona bəstələnən mahnı səsləndirilib.
Qeyd edək ki, barelyef Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanıb.