CƏMİYYƏT
Gəncədə keçirilən “İctimai işlərdə aktivlik – vətəndaşlıq təhsili” təlim kursunda 34 ölkədən gənclər iştirak edir
Bakı, 16 may (AZƏRTAC). “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (İB) Azərbaycanda fəal gənclərin iştirakı ilə sağlam vətəndaş cəmiyyətinin inkişafına, gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım göstərilməsi və onların məşğulluğu sahəsində bir sıra layihə və proqramlar həyata keçirmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, İB Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə Proqramı”nın və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “İctimai işlərdə aktivlik – vətəndaşlıq təhsili” adlı təlim kursu keçirir.
Tədbirdə Azərbaycan ilə yanaşı, Xorvatiya, Gürcüstan, Ukrayna, Latviya, Polşa, Çex Respublikası, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdən 34 gənc iştirak etmişdir. İştirakçılar Avropanın və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın mədəniyyəti, adət-ənənəsi və qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq və ölkəmiz ilə daha yaxından tanış olacaqlar.
Təlim çərçivəsində mayın 17-də “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin təqdimat mərasimi keçiriləcəkdir.