MƏDƏNİYYƏT
Gəncədə keçirilən debatda daha çox vətənpərvərlik mövzusuna müraciətin vacibliyi vurğulanıb
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də “Mədəniyyət həftəsi” çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında “Son iclas” filminin nümayişi və film ətrafında “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, sektor müdiri Ceyhun Əhmədov, universitetin tələbələri, Gəncə və Şəmkir Regional Mədəniyyət İdarələrinin gənc mədəniyyət işçiləri, şəhərin fəalları çıxış ediblər.
Çıxışlarda Azərbaycan kino sənətinin uğurları, müasir kinematoqrafların Azərbaycan Xalq Cümhuriyyəti, ümumilikdə vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduqlarının vacibliyi vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilib. Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Film 23 aylıq Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Gəncəyə köçən günü ilk yığıncağını hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyət göstərdiyi binada keçirib.