CƏMİYYƏT


Gəncədə keçirilən ekoloji aksiya zamanı 1137 litr plastik butulka yığılıb

Bakı, 3 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası “Bravo” marketlər şəbəkəsi ilə birgə Gəncə Mall-da yerləşən “Bravo” supermarketdə keçirilib. Aksiya zamanı ümumi tutumu 1137 litr olan plastik butulka yığılıb. Aksiyada iştirak edənlərə ekoçantalar hədiyyə olunub.

AZƏRTAC xəbər verir ki, bunu nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı, Göygöl Milli Parkına bilet hədiyyə olunub. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.

“İstifadə etdiyimiz plastikləri təkrar emala yönəltməklə ətraf mühitin qorunmasına dəstək ola bilərik. Tullantıları çeşidləməyi adət halına gətirmək üçün belə aksiyaların keçirilməsi önəmlidir”, - deyə nazirliyin şöbə müdiri qeyd edib.

S.Məmmədovanın sözlərinə görə, aksiyalar zamanı ekokönüllülər tərəfindən maarifləndirici məlumatlar verilərək daha çox insanın həmin prosesə qoşulması təşviq edilir: “Məlumat üçün qeyd edək ki, 3 iyul - Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür. Günün təsis edilməsində məqsəd geniş istifadə olunan polietilen torbalardan istifadəni azaltmaq, əvəzinə alternativ torbalardan istifadə etməkdir. “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasında da işlənmiş plastik butulkaları təhvil verən şəxslərə ekoçantalar hədiyyə olunur”.

Nazirliyin şöbə müdiri bildirib ki, növbəti aksiya iyulun 8-də Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketində keçiriləcək. Aksiya yay boyunca Bakıda və regionlarımızda davam etdiriləcək. Bu barədə elan nazirliyin saytında və sosial şəbəkələrində öncədən paylaşılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.