CƏMİYYƏT


Gəncədə keçirilən tədbir əmək şəraiti, funksiyası və onların tətbiqini tənzimləyən hüquq normalarına həsr olunub

Bakı, 26 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Xidmətin Gəncə şəhəri, Samux və Göygöl rayonlarını əhatə edən 21 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən işəgötürənlərin iştirak etdiyi tədbirdə işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi ilə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər diqqətə çatdırılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, işçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əməkhaqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər.

İşəgötürənlərin bu sahədəki vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan müddətdə yetirilməsi və s. daxildir.

Bununla yanaşı, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlərin öz imkanları hesabına Əmək Məcəlləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraiti şərtlərindən daha yüksək əlavə şərtlər (əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği və s.) müəyyən etmək hüququ da vardır. Belə əlavə şərtlərin dairəsi, onların qüvvədə olma müddəti, istifadə qaydaları, onların dəyişdirilməsi işəgötürənlərlə işçilərin qarşılıqlı razılığı əsasında müəyyən olunur. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından bəhs olunaraq vurğulanıb ki, işəgötürən əmək şəraitinin şərtlərini (əmək şəraitinin əlavə şərtlərindən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.

Tədbir zamanı işçinin əmək funksiyası, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, habelə işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə, başqa işçinin əmək funksiyasının icrası və s. ilə əlaqədar qanunvericilikdən irəli gələn prinsiplər barədə də ətraflı məlumatlar verilib.

Seminar formatında təşkil olunan tədbir zamanı iştirakçıların əmək şəraitinin şərtlərinin və əmək funksiyasının dəyişdirilməsi, işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsi, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və s. ilə bağlı sualları da cavablandırılıb.

İştirakçılara əmək şəraiti, əmək funksiyası, onların tətbiqini tənzimləyən hüquq normaları barədə maarifləndirici bukletlər də təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.