REGİONLAR
Gəncədə kibertəhlükələrdən müdafiə üsulları və metodları mövzusunda “dəyirmi masa” keçirilib
Gəncə, 3 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə “Elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən keçirilib.
Tədbirdə çıxış edən Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və “Oracle” korporasiyasının Azərbaycan təmsilçiliyinin nümayəndəsi Asif Hümbətov müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından danışıb. Çıxışlarda kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyan bu tədbir nəticəsində hər bir iştirakçı milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar və elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə edilməsi sahəsində mütərəqqi həll yolları barəsində əhəmiyyətli məlumatlar əldə edəcəklər.
“Dəyirmi masa”da “Oracle” korporasiyasının Azərbaycan təmsilçiliyinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Teymur Hacıyev və Cəbi Ağayev təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarını elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları haqqında, eyni zamanda, mövcud kibertəhdidlər, risklər və problemlər barədə məlumatlandırıblar.
Sonda müxtəlif sahələrdə çalışan 50-dək iştirakçıya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” haqqında broşürlər paylanılıb və iştirakçılarla kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb.