CƏMİYYƏT
Gəncədə maarifləndirmə tədbirləri keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhəri və Samux rayonunda "Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, iyunun 30-da Naftalan şəhərində keçirilən tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri Ülfət Əliyev, Afət Mustafayeva, Naftalan Şəhər Polis Şöbəsinin məsul əməkdaşı Baxış Həsənəliyev, Naftalan şəhər məscidinin imamı Rəşad Hüseynov və ictimaiyyət nümayəndələri və iyulun 1-də Samuxda keçirilən tədbirdə isə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin müdiri Telli Nəsibova və kitabxananın əməkdaşları iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolundan bəhs edilib. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda DQİDK-nın nəşr etdiyi kitablar iştirakçılara hədiyyə olunub və Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.