CƏMİYYƏT
Gəncədə minaatan mərmisi tapılıb
Bakı, 26 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Gəncə şəhərinin Nizami rayonunda “AZƏRİTTİFAQ”ın yanındakı məhəlləyə baxış keçirilib, 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Nəticə etibarilə 100 kvadratmetr ərazi yoxlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən iyunun 26-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 5781 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4542520 kvadratmetr ərazi yoxlanılıb.