CƏMİYYƏT


Gəncədə müasir reallıqlar kontekstində dövlət və din mövzusunda müzakirələr aparılıb

Bakı, 13 fevral, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncədə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Dövlət komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin, dini sahədə sabitliyə nail olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Bildirib ki, bütün respublikamızda olduğu kimi, Gəncə şəhərində də dini durum sabitdir.

Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Vurğulayıb ki, bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər.

Dövlət Komitəsi sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycanın dövlət-din münasibətləri modeli digər ölkələrə nümunə göstərilir. “Azərbaycan dünyəvi dövlətdir. Yəni, Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Amma bu, dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən qanunlarımız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsi ilə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir”, - deyə S.Salahlı əlavə edib.

Gəncə Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri Gülsüm Fətəliyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Həsən Məmmədov və digərləri çıxışlarında mövzunun əhəmiyyətindən danışıblar.

İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.