Gəncədə narkokuryer saxlanılıb VİDEO
AzerTAg.az
Gəncə, 2 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək, ölkə ərazisinə çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosial şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram olan heroin və 30 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.




Xəbərin mətnində orfoqrafik səhv var