CƏMİYYƏT
Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO
Bakı, 8 may, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda qiyməti təxminən 70 min manat olan külli miqdarda heroin və tiryək dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elsevər Nəbiyev satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilindiyi üçün şəhər ərazisində saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman kağız bükülüdə 3 qram heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman oradan 1 kiloqram 30 qram heroin və sellofan bükülüdə 609 qram tiryək aşkarlanıb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
E.Nəbiyev dindirilərkən narkotik vasitə istifadə etdiyini və satdığını bildirib. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.