REGİONLAR


Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Gəncə, 28 iyul, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qasımov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlkin Mahmudov saxlanılıb. Saxlanılan şəxs İ.Qasımova narkotik maddə satdığını, özü isə Hüseyn adlı şəxsdən aldığını etiraf edib.

Polis əməkdaşları narkotik maddə satmaqda şübhəli bilinən Hüseyn Fərman oğlunun yerini müəyyən edərək ŞBPİ-nə gətirib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Musayev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.