REGİONLAR


Gəncədə onlayn yolla dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncə, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, S.Əsmənzadə instaqram sosial şəbəkəsində “prenses_mebel_salonu”, “stil_mebel_salonu”, “estello_mebel_salonu” və “arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlarla təqdim edərək, ucuz mebel dəstləri satacağına söz verib. O, müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib. Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açıb. Bununla da məsuliyyətdən yaxa qurtaracağını düşünərək mütəmadi olaraq mobil nömrəsini və yaşadığı ünvanı dəyişmişdir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edən S.Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik 5 vətəndaşdan ümumilikdə 6200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub. S.Əsmənzadənin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.