REGİONLAR
Gəncədə ötən il şəhid olmuş polis əməkdaşlarının xatirəsi anılıb
Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Gəncədə ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısının alınması zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədəki Şəhidlər xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Daxili İşlər Nazirliyinin Şəxsi Heyət üzrə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid polislərin ailə üzvləri iştirak ediblər.
Anım mərasimində şəhid polislərin məzarları önünə əklil və tər çiçəklər qoyulub, ruhlarına dualar oxunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib, problemləri və qayğıları ilə maraqlanıblar.
Anım mərasimindən sonra şəhid polislərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.