REGİONLAR
Gəncədə qaz təsərrüfatı işçiləri könüllü qanvermə aksiyasına qoşulublar
Bakı, 19 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı rəhbər tutularaq respublikamızda yüksək səviyyədə icra edilir. Xalqımızın humanist və xeyirxah missiyası nəsildən-nəslə ötürülərək əbədi yaşayır. Talassemiya və hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən insanlara, xüsusilə gələcəyimizin təminatı olan uşaqlara həyat bəxş etmək məqsədilə qaz təsərrüfatı işçiləri Mərkəzi Qan Bankının əməkdaşlarının tibbi müayinəsindən sonra qanvermə aksiyasında iştirak ediblər.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları könüllü şəkildə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədilə Qan Bankına həyat bəxş etməyə vasitəçi olublar.
Qeyd edək ki, Birliyin bu aksiyası silsilə təşkil edir və növbəti qanvermə aksiyasına Gəncə Regional Qaz İstismarı İdarəsinin tabeliyində olan digər xidmət sahələrinin əməkdaşları da qoşulacaq.