CƏMİYYƏT
Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işinin istintaqı başa çatdırılıb

Bakı, 19 may, AZƏRTAC
Noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq, Gəncə Şəhər Prokurorluğunda istintaq aparılıb.
Gəncə Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Elçin Əliyevin bir gün öncə aralarında olmuş mübahisə ilə əlaqədar Ayxan Məmmədov ilə görüşərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürdüyü müəyyən edilib.
Elçin Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.