REGİONLAR
Gəncədə salınan Ekoloji Park Kompleksinin tikintisi ilin sonunadək başa çatdırılacaq VİDEO
Gəncə, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində Ekoloji Park Kompleksi salınacaq. Fərqli dizaynı ilə seçiləcək kompleksdə sakinlərin rahatlığı üçün lazımi şərait yaradılacaq.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında mühəndis Zirəddin Hacıyev deyib.
O bildirib ki, Gəncəçayın sağ sahilində yerləşəcək kompleks 11 hektar ərazini əhatə edəcək. Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri əkiləcək, həmçinin əyləncə mərkəzləri, idman qurğuları və iaşə obyektlərinin inşası planlaşdırılır.
“Ekoloji Park Kompleksinin ərazisində inşa ediləcək 2 mərtəbəli və zirzəmidən ibarət binada nadir ağac və gül növləri yetişdiriləcək. Parkın ziyarətçiləri həm burada fərqli və göz oxşayan bitki növləri ilə tanış olacaq, həm də istirahət edə biləcəklər. Park Gəncəçayın sahilində olduğuna görə burada bulvarın salınması da nəzərdə tutulub. Tikinti işlərinə bir aydır başlamışıq. Cari ilin sonuna qədər tikintinin başa çatdırılması nəzərdə tutulub,”- deyə Zirəddin Hacıyev deyib.
Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 14 park və istirahət guşəsi var. Bu məkanların yaşıllıqlarla təmin edilməsi üçün Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac yetişdirilir.