REGİONLAR
Gəncədə sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçirilib
Gəncə, 3 iyul, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, həmçinin Gəncədə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunur. Bu məqsədlə şəhərdə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq, Gəncədə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun iştirakı ilə reyd keçirilib.
Rəhbər şəxslər şəhərdə fəaliyyət göstərən iri market və mağazalara baş çəkib, qeyd olunan məkanlarda sərtləşdirilmiş karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Şəhər rəhbərliyi apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəyin olub-olmaması ilə maraqlanıb. Reyd zamanı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ilə də söhbət aparılıb, tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Bununla yanaşı polis tərəfindən sakinlərin çölə çıxmaq üçün müvafiq icazələri yoxlanılıb, ayrılan iki saatlıq vaxtdan sui-istifadə etməmək tövsiyə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olmayaraq, icazəsiz çölə çıxan şəxslər barəsində isə müvafiq qaydada tədbir görülüb. Niyazi Bayramov və Əkbər İsmayılov iş başında olan polis əməkdaşları ilə də görüşüblər. Şəhər rəhbəri fürsətdən istifadə edərək, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovu və şəhərdə xidmət edən polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Gəncədə reyd və maarifləndirmə işləri ilə yanaşı tibbi-profilaktiki tədbirlər də davam etdirilir. Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində həyata keçirilən dezinfeksiya işlərinin həcmi genişləndirilib. Əsas küçə və prospektlər su çiləyici avtomobillər vasitəsilə xüsusi kimyəvi məhlulla mütəmadi yuyulur. Səkilərdə, park və meydanlarda, çoxmənzilli yaşayış binalarının həyətlərində, habelə obyektlərin qarşısında tibbi-profilaktiki işlər görülür.
Qeyd edək ki, şəhərdə reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da həyata keçirilir. Belə ki, ötən gün axşam saatlarında Koronavirusa Qarşı Mübarizə Qərargahının və şəhər rəsmiləri tərəfindən üç istiqamətdə reyd reallaşıb. Aidiyyəti şəxslər şəhərin müxtəlif ərazilərində olub, sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Reydlər əsasən şəhərin mərkəzi küçələri, çoxmənzilli binaların həyətləri və parklarda aparılıb.