CƏMİYYƏT
Gəncədə ustanın çoxmərtəbəli binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də saat 15 radələrində Gəncə şəhəri ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat verilib.
Gəncə Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, 1991-ci il təvəllüdlü Azər Yusifov şəhərin Azərbaycan bayrağı küçəsində “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.