REGİONLAR
Gəncədə vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri “Advokasi və kommunikasiya” mövzusunda maarifləndiriliblər
Gəncə, 27 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Advokasi və kommunikasiya” mövzusunda keçirilən ikigünlük seminar başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə keçirilib.
Tədbiri açan layihə rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və proqramı haqqında məlumat verib. Bildirib ki, advokasi dövlətin qanun yaradıcılığının və siyasətinin formalaşdırılması istiqamətində əhalinin bu və ya digər qrupunun rolunun gücləndirilməsinə yönəlmiş aktiv fəaliyyətdir. Advokasi dialoq deyil, amma bu fəaliyyət özəl sektoru dövlətlə dialoqun fəal iştirakçısına çevirir.
Layihənin əlaqələndiricisi Əhməd Quliyev seminarın gedişatı haqqında təəssüratlarını bölüşərək iştirakçılara uğurlar arzulayıb.
Məruzəçi ekspert Günay Zeynalova xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına advokasi anlayışı, advokasinin prinsipləri, məqsədi və vəzifələri, maraqlı tərəflərin təhlili, advokasinin mərhələləri, uğurlu advokasi prosesində problemin təhlili, səlahiyyət münasibətlərinin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyənləşdirilməsi və advokasinin digər mərhələləri barədə geniş məlumat verib.
Sonra seminar iştirakçılarının advokasi ilə bağlı praktik bacarıqlar əldə etmələri üçün qruplarla iş aparılıb.
Vətəndaş cəmiyyəti təsisatlarının 21 nümayəndəsinin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən advokasi və kommunikasiya məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birgə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib.