REGİONLAR


Gəncədə vətəndaş cəmiyyətinin üzvləri “Sosial sahibkarlıq” mövzusunda müzakirələr aparıblar

Gəncə, 5 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Sosial sahibkarlıq” mövzusunda ikigünlük seminar başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə keçirilib.

Seminar Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil İnsanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib.

Tədbiri açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin idarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və ikigünlük proqramı haqqında məlumat verib. M.Xəlilov sosial sahibkarlığın vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə əlavə dəyər gətirən bir kateqoriya olduğunu, sosial sahibkarlığın ideya və dəyərlərini mənimsəməyin və tətbiq etməyin əhəmiyyətini vurğulayıb.

Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gəncə-Qazax bölgəsi üzrə əlaqələndiricisi Fariz Qarayev fikirlərini bölüşərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirin məruzəçi eksperti, Beynəlxalq Əmək Təşkilatının ustad təlimçisi Azad Rəhimov xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına sosial sahibkarlıq anlayışı, sosial sahibkarlığın prinsipləri, sosial biznesin əsas mərhələləri, sosial sahibkarlıq ideyası, sosial sahibkarlığın marketinq planı, sosial sahibkarlığın ilkin kapital mənbələri və hüquqi məsuliyyəti barədə geniş məlumat verib.

Daha sonra seminar iştirakçılarının sosial sahibkarlıq sahəsində praktik bacarıqlar əldə etmələri üçün qruplarla iş aparılıb.

On yeddi nəfər vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi aparılıb, həmçinin iştirakçılar sosial sahibkarlıq məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələrə və fikir mübadiləsinə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.