REGİONLAR


Gəncədə yağan qarın fəsadları aradan qaldırılır

Gəncə, 18 fevral, AZƏRTAC

Ötən gün axşam saatlarından başlayaraq Gəncəyə yağan güclü qar bir sıra fəsadlara yol açıb. Belə ki, şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb, yağan qarın ağırlığına dözməyən ağac budaqları sınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır.

Qırılan ağac budaqları ərazilərdən yığışdırılır, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçi qüvvəsi və texnikası cəlb olunub. Birliyin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar ciddi fəsadlara yol açmayıb. “Səhər saat 06:00-dan başlayaraq şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. Qırılan ağac budaqlarının ərazilərdən yığışdırılması üçün 6 ədəd texnika ayrılıb və hazırda bu istiqamətdə işlər davam edir. Bununla yanaşı, yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qarlar da ayrılan 2 traktor və 6 avtomobil vasitəsilə ərazidən daşınır”, – deyə E. Əsgərov qeyd edib.

Yağan güclü qar, həmçinin Gəncənin bir sıra ərazilərini işıqsız qoyub. “Azərişıq” ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları gecə saatlarından başlayaraq yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar. Gecə və səhər saatlarında şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.