MƏDƏNİYYƏT
Gəncədə yaşayan rəssamlarla onlayn görüş keçirilib

Bakı, 19 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncə şəhərində yaşayan rəssamlarla “Zoom” proqramı vasitəsilə onlayn görüş keçirilib.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, rəssamların muzey və qalereyalar arasında əməkdaşlığın sıxlaşdırılması, regionda rəssamlığın keyfiyyətinin artırılması və istedadlı insanların sərgilərdə fəallığını təmin etmək məqsədilə reallaşan görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə gerçəkləşib.
İkitərəfli dialoq şəklində keçən görüşdə Gəncə şəhərində yaşayan rəssamlar qarşılaşdıqları problem və təklifləri bildiriblər.
Rəssamlıq sənətinin inkişafını stimullaşdıracaq bir çox məsələlər haqqında qarşılıqlı əlaqələrin yaradılması üçün fikir mübadiləsi və müzakirələr aparılıb.
Xatırladaq ki, rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərinin dinlənilməsini təmin edən layihə respublikanın müxtəlif bölgələrində yaşayan rəssamları əhatə edir.